Laçın rayonunda yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək.

Bu barədə Leqal.info-ya hərbi qulluqçuların ailəsindən bildirilib.

“Müdafiə Nazirliyindən bizə dedilər ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğluna şəhid statusu veriləcək”, - ailədən bildirilib.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Hər iki hərbi qulluqçu Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.