"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir".

Leqal.info xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin "Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası" adlı məqaləsində öz əksini tapıb.

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malik, eyni zamanda, bütün regionda yeni reallıqlar yaradan mühüm tarixi hadisədir. Bu, xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini çatdıran Prezident İlham Əliyev fikirlərini belə ifadə etmişdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Prezident İlham Əliyevin bu sözləri ata vəsiyyətinin yerinə yetirilməsi ilə yanaşı, həm də Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə davam etdirilən müdrik siyasətin, milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının təntənəsi kimi anlaşılmalıdır.

“Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən ulu öndər Heydər Əliyevin qurduğu müasir milli dövlətimiz indi özünün yeni inkişaf mərhələsini yaşayır. Mürəkkəb və ziddiyyətli geosiyasi proseslərin sürətlə cərəyan etdiyi, qarşıdurmaların və münaqişələrin kəskinləşdiyi dünyada indi ölkəmiz üstün mövqeyə, qalib dövlət nüfuzuna sahibdir. Öz iqtisadi qüdrətinə arxalanan Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa başda olmaqla, bütün ərazilərimiz mədəni-tarixi irsimiz qorunmaqla, müasir infrastruktur yaradılmaqla tezliklə regionumuz cənnət guşələrindən birinə çevriləcək və dayanıqlı məskunlaşma təmin ediləcək. Həyata keçirilən layihələr bu əraziləri yaxın müddətdə sülh və əməkdaşlıq bölgəsi kimi dünyaya tanıtdıracaq.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi. Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə və ümumi məqsəd uğrunda səfərbər edən qürur mənbəyimizdir. Buna görə də əminliklə demək olar ki, hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir", - məqalədə qeyd olunub.