“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrilib. Hazırda Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələri sürətlə həyata keçirilir”.

“Leqal.info” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi 30 illik işğal dövründə kəndlərin və şəhərlərin xarabalığa çevrildiyini, binaların dağıdıldığını qeyd edib. Deyib ki, 30 il sonra bölgəyə yenidən həyat qayıdıb.

“Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir”, - deyə H.Hacıyev vurğulayıb.

Dünən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçdiyini bildirən Hikmət Hacıyev bu kəndlərdə heç zaman ermənilər yaşamayıb.

“Azərbaycan daimi sülhün olduğu, firavan region yaratmaq, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar, əsasən, sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətlərində gedir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.