Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib.

Səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Nazir Mevlüt Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.

11:13
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib, yaralılara şəfa arzulayıb.

Leqal.info xəbər verir ki, M.Çavuşoğlu bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Türkiyə XİN başçısı İrandakı səfirliyə hücumu qınayıb, daim Azərbaycanın yanında olduqlarını bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.