BMT-nin baş katibi Antoniu Quterreş 30 iyul Ümumdünya insan alverinə qarşı mübarizə günü ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Leqal.info xəbər verir ki, bu barədə o, Twitter səhifəsində bildirib.

Müraciətdə deyilir ki, insan alveri insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.

"Münaqişə və qeyri-sabitlik zamanı genişlənən insan alverinin qurbanları zəif təbəqədən olan insanlardır. Bu gün, artan bərabərsizliklər, pisləşən iqlim fəlakətləri və əhalinin yerdəyişməsində qeydə alınan rekord rəqəmlər fonunda insan alverçilərinin hədəfinə düşənlərin sayı daha da çoxalır. Müəyyən edilmiş qurbanların çoxu qadın və uşaqlardır. Onların əksəriyyəti qəddar zorakılığa, məcburi əməyə, dəhşətli cinsi istismara və sui-istifadəyə məruz qalır. Buna baxmayaraq, insan alverçiləri cəzasız qalaraq fəaliyyətlərini davam etdirirlər. Onların cinayətlərinə demək olar ki, kifayət qədər diqqət yetirilmir. Bu yanaşma dəyişməlidir", - müraciətdə bildirilir.

Quterreş qurbanların aşkarlanması və qorunmasına daha çox sərmayə yatırmağın vacibliyini vurğulayıb:

"İnsanları əşya kimi satan cinayətkarların məhkəmə qarşısında cavab verməsi üçün hüquq-mühafizə orqanlarını gücləndirməliyik. Biz, eyni zamanda insan alveri qurbanlarının həyatlarını yenidən qurmaları üçün daha çox iş görməliyik. Ümumdünya insan alverinə qarşı mübarizə günündə gəlin insan alveri qurbanlarını aşkar etmək, müdafiə etmək və dəstəkləmək üçün səylərimizi ikiqat artıraq və heç bir insan alveri qurbanını diqqətdən kənarda qoymayaq. Gəlin birlikdə heç kimin satılıb-alınmadığı və istismar edilmədiyi bir dünya inşa edək".

Leyla Kamil
Leqal.info