Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu sahədə və elektronlaşma proqramının icrası, tibbi-sosial ekspertiza, reabilitasiya istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

"Leqal.info” xəbər verir ki, “Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın artıq icrasına başlanılıb.

Zəngilanın Ağalı kəndində bu ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk “Smart DOST” xidmət məntəqəsi açılıb. Şuşa DOST filialının da layihələndirmə işləri artıq tamamlanır. İşğaldan azad edilmiş ərazilərimiz həmin proqram üzrə DOST xidmətləri ilə tam əhatə olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun təşkili, DOST xidmətləri infrastrukturunun ölkə boyu genişləndirilməsi, xidmətlərin elektronlaşdırılması işlərinin davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, 2019-cu ilin mayından artıq Bakı şəhəri və Abşeron rayonu üzrə 5 DOST mərkəzi açılıb. Yaxın aylarda Bakıda daha bir DOST mərkəzi açılacaq. Eləcə də Bərdə, Quba, Gəncə, Sumqayıt, Sabirabad, Masallı və digər bir sıra bölgələrimizdə də “DOST” mərkəzlərinin açılması üçün hazırlıq işləri aparılır. Ümumilikdə 2025-ci ilə kimi 17 regional DOST mərkəzi, 55 rayon üzrə DOST filialları, ayrı-ayrı bölgələrdə “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulub.

Bu ilin 7 ayında nazirliyin e-xidmətlərinə 142 milyon, e-sosial.az portalına 7,5 milyondan çox müraciət edilib.

Yanvar-iyul aylarında 171 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən, proaktiv qaydada (müraciət olunmadan və sənəd təqdim edilmədən) aparılıb.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin 7 ayında 38900 şəxsə əlillik təyin edilib.