Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı Leqal.info-ya görüşlə bağlı məsələləri şərh edib.
O, Tehran görüşündə Putinin İran başçısı ilə danışacağı mövzulara toxunub:
"Putinin İrana səfəri təbiidir. Bundan öncə də Lavrovun səfəri olub. Putin bir çox ölkələrə gedə bilmir. Səfər edə biləcəyi ölkələr İran, Türkiyə və Azərbaycandır. Aşqabadda Ruhani ilə görüşüb. Orada da maraqlı məsələlər danışılıb. Putinin İran səfərinin əsas məqsədi sanksiyalardan xilas olmaq üçün İranla əməkdaşlıq etməkdir. Bu görüşdə Yaxın Şərqdə baş verən siyasi proeslər, Cənubi Qafqazla bağlı məsələlər müzakirə oluna bilər. Ən önəmlisi isə İranın Rusiyanı sanksiyalardan xilas etməsi və nüvə məsələləridir”.
T.Qasımlı, Putinin Ərdoğanla görüşündə müzakirə olunacaq məsələlərə də diqqət çəkib:
“Ərdoğanla görüşdə isə Rusiya-Ukrayna müharibəsi haqqında danışıla bilər. Rusiyanın sanksiyalardan xilası, Rusiya neftinin Avropaya satışı, İsveç və Finlandiyanın NATO üzlüyü kimi məsələlərin də müzakirəsi gözləniləndir. Rusiya İsveçin NATO-ya qəbulunu təhdid kimi qəbul edir. Tehranda Suriyanın taleyinin həll olunacağını da düşünürəm. Zənnimcə, İdlibdən Türkiyə, Suriyadan İran ordusunun çıxarılması məsələləri də müzakirə olunacaq”.