Xəbər verdiyimiz kimi, dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Leqal.info-nun “Hraparak” qəzetinə istinadən məlumatına görə, Paşinyan Brüsselə çox sayda cangüdənlə gedib.

Bildirilir ki, N.Paşinyanı adətən bu cür səfərlərdə Dövlət Təhlükəsizlik Xidmətinin 3-4 əməkdaşı müşayiət edir. Bu dəfə isə bu say 3 dəfə artırılıb. Belə ki, Ermənistan hökumətinin rəhbərini 10-dan çox əməkdaş müşayiət edib.

“Görəsən, Paşinyanın bu cür böyük dəstəni özü ilə Brüsselə aparmasının səbəbi öz həyatı üçün artan qorxusudur? Ola bilsin ki, o, başqa ölkədə ona qarşı sui-qəsd təşkil edilməsindən ehtiyat edir. Bizə bunun belə olmadığını dedilər. Bunun səbəbi Paşinyanın Brüsseldəki erməni icmasının etiraz aksiyaları təşkil etməsindən ehtiyat etməsidir”, - deyə məlumatda qeyd olunub.