Ali Radanın sədri Ruslan Stefançuk hesab edir ki, ölkədə hərbi vəziyyət hökm sürdüyü üçün bu il Ukraynada parlament seçkilərini təşkil etmək qeyri-mümkündür.

Leqal.info TASS-a istinadən xəbər verir ki, “Ukrinform“a müsahibəsində o qeyd edib ki, seçkilərlə bağlı məsələ Ukrayna Konstitusiyası, Seçki Məcəlləsi və bir sıra digər qanunvericilik aktları ilə tənzimlənir.

Həmçinin “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanunda göstərilir ki, hərbi vəziyyət dövründə seçkilər keçirilə bilməz, çünki seçkilərdə bütün vətəndaşların iştirakını təmin etmək qeyri-mümkündür.

"Hesab edirəm ki, seçkilər hərbi vəziyyət başa çatdıqdan dərhal sonra keçiriləcək. Əks halda, qanuna dəyişiklik edilməlidir, amma yenə də mən indiki halda Ukraynada yüksək keyfiyyətli, qanuni seçki keçiriləcəyinə və nəticələrinə cəmiyyətin etimad göstərəcəyinə çox şübhə edirəm”, - o vurğulayıb.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri 2023-cü il oktyabrın 29-da keçirilməlidir.

Leqal.info