"Türkiyədə FETÖ terror, casusluq və mütəşəkkil cinayət təşkilatının strukturunun belini qırdıq".

Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Cakartadakı Türkiyə səfirliyində Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirİlən anım tədbirində çıxışında söyləyib.

"Başda Milli Kəşfiyyat İdarəsi də daxil olmaqla bütün qurumlarımızın cəfakar fəaliyyəti ilə onların yerləşdiyi ölkələrin çoxunda da fəaliyyətlərinə son qoyduq.

Xarici kəşfiyyat xidmətlərinə işləyən bu xəyanət şəbəkəsi artıq sərbəst bir şəkildə məkrli gündəmə sahib deyil. Bir çox ölkədə FETÖ-nün sözdə təhsil qurumlarının, QHT və ya digər adlar altında fəaliyyət göstərən qurumlarının fəaliyyətinin dayandırılmasına müvəffəq olmuşuq.

Elan edirəm ki, bu gündən sonra da dünyanı FETÖ-ya dar etməyə davam edəcəyik.

Terrorla mübarizəmiz yalnız FETÖ ilə məhdud deyil. Prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi terrorun hər növü ilə amansız mücadilə bizim qırmızı xəttimizdir. İstər PKK və onun uzantıları olan YPG, istər DAEŞ və başqaları olsun dövlətimizin və millətimizin bütünlüyünə və təhlükəsizliyinə qəsd edən terror təşkilatları ilə mübarizə əsas prioritetimizdir. Ölkəmizi terror bəlasından xilas etməkdə qərarlıyıq", - Türkiyə XİN başçısı bildirib.

Qeyd edək ki, Hakan Fidan Cakartada ASEAN ölkələrinin XİN başçılarının iclasında iştirak edir.

Leyla Kamil
Leqal.info