ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Leqal.info "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə husi üsyançılarının hərbi sözçüsü, briqada generalı Yəhya Səri videomüraciətində bildirib.

"Amerika və Britaniya xalqımıza qarşı cinayətkar təcavüzünə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq", - Sari vurğulayıb.

O, Yəmənin husilərin nəzarəti altında olan 5 bölgəsinə ABŞ və Britaniyanın 73 zərbə endirdiyini açıqlayıb. Sözçü bu zərbələrin hədəfləri barədə ətraflı məlumat verməyib.

Husilərin Xarici İşlər Nazirliyinin rəsmisi Hüseyn əl-Ezzi "Amerika və Britaniya gəmiləri, sualtı qayıqları və döyüş təyyarələri ilə kütləvi aqressiv hücumu" həyata keçirdiyini bildirib.

"Amerika və Britaniya, şübhəsiz ki, ağır bədəl ödəməyə və bu açıq təcavüzün bütün dəhşətli nəticələrini çəkməyə hazırlaşsınlar", - Əl-Ezzi qeyd edib.

Leyla Kamil
Leqal.info