Çexiyanın şimal-şərqindəki Karvina şəhəri yaxınlığında Dolni-Lutını kəndi yaxınlığında sərnişin qatarı ilə yük maşını toqquşub. Hadisə nəticəsində qatarın maşinisti həlak olub, 16 sərnişin yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə Çex Dəmir Yolları şirkətinin rəhbərliyi X platformasında məlumat yayıb.

"Çərşənbə günü IC 546 nömrəli qatar yük maşını ilə toqquşub. Həmkarımız, maşinist həlak olub. Maşın dəmiryol keçidində qatarın yolunu kəsib. İlkin məlumata görə, qatarın 16 sərnişini xəsarət alıb” – məlumatda qeyd edilib.

Yerli yanğınsöndürmə xidmətinin mətbuat katibinin sözlərinə əsasən, qatarda ümumilikdə 35 sərnişin olub, onlardan 16-sı xəsarət alıb. O, həmçinin qeyd edib edib ki, yanğınsöndürənlər bütün sərnişinləri zədələnmiş vaqonlardan endirməyə nail olublar.

Dəmir yolunun fövqəladə hadisə baş verən hissəsində qatarların hərəkəti bütün gün üçün dayandırılıb.

Qeyd edək ki, yüksək sürətli sərnişin qatarı, Praqa ilə Çexiyanın şimal-şərqindəki Bohumin şəhəri arasında hərəkət edir.

Leqal.info