Hindistanda 15 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.

Leqal.info xəbər verir ki, bu barədə sentyabrın 11-də “Hindustan Times” qəzeti məlumat yayıb.

Son səkkiz gün ərzində Qucarat əyalətinin Kutç rayonunda yerləşən Laxpat şəhərində ilkin olaraq pnevmoniya olduğu güman edilən naməlum qızdırma yayılıb.

Sentyabrın 3-dən 7-nə qədər xəstəlik on nəfərin, həmçinin uşaqların həyatına son qoyub. Nəşr yazır ki, o vaxtdan bəri ekspertlər daha beş ölüm faktını qeydə alıblar.

Ölümün səbəbini müəyyən etmək üçün həkimlər 11 qan nümunəsi götürərək Pune ştatındakı Milli Virusologiya İnstitutuna göndəriblər.

“Nəticələrin bir-iki günə gəlməsi gözlənilir. Bunun məlum virus və ya yeni bir şey olduğunu öyrənmək üçün gözləmək məcburiyyətində qalacağıq”, - deyə “Hindustan Times”dakı məlumatda bildirilir.

Leqal.info