“Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun heç birinci dalğası da olmayıb”.

Bu sözləri Leqal.info-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib:

Onun sözlərinə görə, tövsiyələrə əməl etmək çox vacibdir:

“Əgər ev şəraitində yığıncaq keçirilərsə və qonaqlardan birində koronavirus varsa, bu, digərlərinin də yoluxmasına gətirib çıxara bilər. Yaxın məsafədə təmasdan uzaq durmaq lazımdır. Epidemiya dövründə artma və azalma dalğası olur. Bunlar mümkün hallardır. Epidemiyanın gedişatından asılıdır.

Misal üçün, koronavirus aşkar olunan şəxs ola bilsin ki, 14 gün bundan əvvəl yoluxub, amma xəstəlik özünü məhz bu gün biruzə verib. Belə hallar normaldır. Buna ikinci dalğa demək olmaz. Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun birinci dalğası çox şükür yüngül oldu. Deməyim odur ki, vəziyyət stabildir.

O ki qaldı havaların isinməyinə, bir şeydən ümidliyik ki, respirator viruslar qrupu adətən mövsümü xarakter daşıyır. Havaların isinməsi ilə müəyyən qədər azalırlar. Biz də ümid edirik ki, havaların isinməyi bizə xəstəliklə mübarizədə kömək edəcək. Burada təkcə istiləşmə yox, ultrabənövşəyi şüalar faktoru da əsas rol oynayır. Ultrabənövşəyi şüaların zənginləşməsi virusa mənfi təsir göstərir. İnsanlarımızın karantin rejimi tövsiyələrinə əməl etmələri əsas məsələdir. Maska, əlcək, təcrid kimi qaydalara əməl etsinlər. Toplu halda gəzməsinlər və vacib olmadıqca çölə çıxmasınlar”.