Amerika hakimiyyəti tezliklə Rusiyadan müsadirə olunmuş aktivlərin Ukraynaya köçürülməsinə başlamağı planlaşdırır.

Leqal.info xəbər verir ki, bunu ABŞ Ədliyyə Nazirliyinin işçi qrupunun rəhbəri Endryu Adams deyib.
“Biz müsadirə edilmiş aktivlərin Ukraynanın xeyrinə ötürülməsinə başlamaq məqsədi daşıyırıq”, - TASS Adamsın sözlərindən sitat gətirib.

Bu arada Avropa Şurasının rəhbəri Şarl Mişel Ali Radada çıxış edib. O, Qərb tərəfindən dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpası üçün istifadə olunacağına əmin olduğunu bildirib, RİA Novosti xəbər verir.

"Zərər ödənilməlidir. Biz Rusiyanın aktivlərini 300 milyard avroya dondurmuşuq", - o deyib.

“Mən əminəm ki, onlardan Ukraynanın bərpası üçün istifadə edilməlidir və olacaq”.

Bundan əvvəl, yanvarın 19-da Avropa Parlamenti Ukrayna üzrə xüsusi beynəlxalq tribunalın yaradılmasını və Kiyevə təzminatların ödənilməsi üçün Rusiya aktivlərindən istifadə məsələsini nəzərdən keçirməyə çağıran qətnamə qəbul edib.

Rusiya Federasiyası artıq bəyan edib ki, qətnamə heç bir hüquqi qüvvəyə malik deyil və sağlam düşüncədən məhrumdur.

Fevralın 24-də Moskvanın Ukraynanı demilitarizasiya və denazifikasiya etmək üçün hərbi xüsusi əməliyyata başlamasından sonra Rusiyanın aktivləri dondurulub. Rusiya prezidenti Vladimir Putin bunu dinc əhalini Kiyev rejiminin cinayətlərindən qorumaq məqsədi adlandırıb.

Qərb Ukraynaya eyni zamanda maliyyə və hərbi yardım göstərməklə yanaşı, anti-Rusiya sanksiyaları tətbiq etməyə başladı.
Elvin Mahmudlu
Leqal.info