"Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur".


Leqal.info xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri N.Paşinyan tərəfindən 23 mart tarixində səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.

"Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir", - Ayxan Hacızadə vurğulayıb.

Leqal.info