Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar açılacaq.

Trend-in məlumatına görə, bu fikirlər ABŞ Prezidenti Donald Trampın Ermənistanda Müstəqillik günü ilə əlaqədar Baş nazir Nikol Paşinyana göndərdiyi məktubda yer alıb.

Bundan başqa, ABŞ Dövlət katibi Mayk Pompeo öz məktubunda bildirib ki, ABŞ rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin axtarışlarına sadiqdir və tərəfləri qısa zamanda intensiv danışıqları bərpa etməyə çağırıb.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.