"Azərbaycan ərazisində həftə sonuna qədər hava şəraitində ciddi dəyişiklik gözlənilmir və temperatur yüksək olacaq".

"Leqal.info" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, artıq iyun ayının ilk günlərindən hava isti keçir: "Müqayisə aparsaq, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq 5-7 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur".

U.Tağıyeva qeyd edib ki, iyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul, avqust ayları üçün səciyyəvidir: "İyun ayı üçün verilən aylıq proqnozda qeyd edilmişdi ki, bu ay həmişəkindən isti olacaq. Yüksək temperatur qonşu ölkələrdə də müşahidə edilir. İyun ayının ilk günlərindən dayanıqlı cənub axınları ölkənin yerləşdiyi regionda tempetaturun yüksəlməsinə səbəb olub. Son illərdə hər il yüksək temperatur göstəriciləri iyul, avqust aylarında müşahidə olunub. Ona görə də həm iyul, həm avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40-dan yüksək olacağı da gözlənilir".

O həmçinin isti havaya görə dəniz suyunun temperaturu barədə məlumatların vaxtından əvvəl verildiyini də qeyd edib: "Adətən, çimərlik mövsümü ilə bağlı dəniz suyunun temperaturu barədə məlumat iyunun 15-dən verilir. Lakin anomal isti hava şəraiti ilə əlaqədar dəniz suyu ilə bağlı açıqlama iyunun ilk gününə təsadüf etdi. Çünki bu il insanlar çimərliklərə vaxtından əvvəl üz tutur".

Departament direktoru isti hava şəraiti ilə bağlı dənizə üz tutanlara tövsiyə də verib: "Ən yüksək temperatur saat 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq xüsusilə uşaqlar üçün təhlükəlidir. Ona görə insanları, xüsusilə də yaşlıları ehtiyatlı olmağa çağırırıq".