“Əlbəttə ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır”.

“Leqal.info” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə çıxışı zamanı deyib.

“Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək.

Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir.

Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir”, - deyə dövlət başçısı əlavə edib.