“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır”.

“Leqal.info” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin qəbulunda deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər bu rəqəm 1 122 kilometr olacaq: “Siz bölgələrə səfərləriniz zamanı orada əhalinin xahişini nəzərə alaraq, əlavə yolların tikintisinə sərəncamlar vermisiniz. Biz artıq bu ilin sonunadək həmin yolların da tikintisini başa çatdıracağıq. Bu yollardan biri Qaxda səfərdə olduğunuz zaman verdiyiniz tapşırığa əsasən M-5 magistral yolundan İlisu kəndinə qədər uzunluğu 33,5 kilometr olan avtomobil yolunun tikintisi artıq başa çatıb, yüksək keyfiyyətlə təhvil veriləcək”.

Bundan başqa, onun sözlərinə görə, Qubanın Xınalıq kəndinin çəkilən 31 kilometrlik yeni yolun artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır: “Xınalığa gedən yolun başlanğıcı olan, Quba-Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik Alpan-Susay yolu istismara tam hazırdır. O yol üzərində iki körpü tikilib və tam hazır vəziyyətdədir.

Qubanın Qonaqkənd ərazisinə çəkilən 50 kilometrlik yolun isə ikiqat asfalt-beton örtüklü 40 kilometrlik hissəsi tam hazırdır. O yolun üzərində artıq 7 körpü tikilmişdir. Sonuncu körpü Vəlvələçay çayının üzərində salınıb. İllər boyu orada körpü olmamışdır. Çay daşanda insanlar günlərlə, həftələrlə gözləməli olurdular. Bu gün 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı körpü tikilib, istismara tam hazır vəziyyətdədir. Sizin tapşırığınıza əsasən növbəti ilin investisiya proqramında vəsait nəzərdə tutulub. Bu vəsait hesabına yola aşınma qatı da vurulacaq və həmin 50,3 kilometrlik yol istismara tam hazır olacaq”.