Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracının dəyəri 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 727,2 milyon ABŞ dolları təşkil edib.

Leqal.info bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Qurum hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, son 1 ildə qeyri-neft sektoru üzrə ixracın dəyəri 225,6 milyon ABŞ dolları və yaxud 45% artıb.

2022-ci ilin I rübündə meyvə-tərəvəz məhsullarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% artaraq 124,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7%, pambıq iplik ixracı 29,3%, pambıq lifi ixracı isə 5,6% artıb.

2022-ci ilin mart ayı üzrə ixracın dəyəri isə 2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracın dəyəri 55,9% artımla 265,5 milyon ABŞ dolları olub. Ay ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6% artaraq 48,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 70,1% artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.