Bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində "Astara Çay" MMC-nin plantasiyalarına baxıb.

APA-nın məlumatına görə, Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq. Təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub.

Prezidentə məlumat verilib ki, respublika üzrə mövcud 1016 hektar çay sahəsinin 568 hektarı Lənkəran, 345 hektarı Astara, 60 hektarı Zaqatala və 43 hektarı Masallı rayonlarının ərazisindədir. Bu ilin iyul ayınadək mövcud çay sahələrindən 444,1 ton yaşıl çay yarpağı istehsal olunub və hazırda bu proses davam etdirilir. Lənkəran rayonu ərazisində 568 hektar çay sahəsinin 289 hektarı "Astara Çay" MMC-yə məxsusdur.

"Astara Çay" MMC 2010-cu ildə təsis edilib. Quru çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı plantasiyalardan tədarük olunur. Bu plantasiyalarda əkilən "Konxida" çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən alınıb. Toxumlar sınaqdan keçirilib, yerli şəraitə uyğunlaşdırılaraq əkilib. Ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən çayın becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Dörd ildir ki, çay sahələrində Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır. Astara rayonu ərazisində, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır. Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir. Astara çay fabriki 2016-ci ildə İSO 9001 və İSO 14001 sertifikatlarına layiq görülüb.

Prezident "Astara Çay" MMC-nin işçiləri ilə söhbət edib:

İşçiləR: Xoş gəlmisiniz, cənab prezident. Sizin səfəriniz əlamətdar günə təsadüf edir. Sizi və ailə üzvlərinizi Qurban bayramı münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Sizin sayənizdə sakit, firavan həyat yaşayırıq. Allah sizi qorusun.

Prezident: Sağ olun. Mən də sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Şadam ki, siz burada işləyirsiniz. Oradakı fotoşəkillərdə bu sahənin əvvəlki görüntüləri əks olunub. Burada heç bir təsərrüfat yox idi, kol-kos idi. İndi gözəl çay plantasiyaları yaradılıb və siz də ənənəvi işlə təmin olunmusunuz. Çünki çayçılıq cənub zonası, xüsusilə Lənkəran üçün ənənəvi sahədir. Burada həm dövlət üçün, həm də özünüz üçün fəaliyyət göstərirsiniz. Həm çayçılıq inkişaf edir, həm də siz əməkhaqqı alırsınız. Çayçılıq çox gözəl, ekoloji cəhətdən təmiz işdir. İşləmək də o qədər çətin deyil.

İşçilər: Buna görə də sizə minnətdarıq. Çox sağ olun. Allah sizə cansağlığı versin.

Prezident: Sağ olun. Lənkəranda çayçılıq daha da inkişaf etdiriləcək, yeni sahələr salınacaq. Çayçılığın əvvəlki şöhrətini bərpa edəcəyik.

Sonda xatirə şəkli çəkdirilib.

*** SAAT 18:00

Azərbaycan prezidenti İlham Əliyev bu gün Lənkərana səfəri çərçivəsində fermer Araz Yaqubovun "Yaşıl Çay" MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısına plantasiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, sovetlər dönəmində Lənkəranın İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda prezidentin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. "Yaşıl Çay" MMC də yaradılan bu şəraitdən səmərəli istifadə edir. Fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən "Kolxida" sortundan ibarət çay plantasiyaları salınıb. 2015-ci ildə - ölkədə elan edilən "Kənd təsərrüfatı ili"ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan "Yaşıl Çay" fermer təsərrüfatının sahələrindən bu il daha bol məhsul gözlənilir. Təsərrüfatın ümumi çay əkini sahəsi 61 hektardır. Gələcəkdə isə çay sahələrinin ümumi sahəsi 100 hektara çatdırılacaq. Sahələrin Hollandiyadan dəvət olunan mütəxəssislər tərəfindən qurulmuş suvarma şəbəkəsi vasitəsilə çiləmə üsulundan istifadə etməklə suvarılması həyata keçirilir. Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunur. Bunun nəticəsində burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən tam təmiz olur.

Prezidentə məlumat verilib ki, yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli "Lənkəran çayı" brendi altında müxtəlif çeşiddə çaylar istehsal edilir.

Dövlət başçısı "Yaşıl Çay" MMC-nin tut tingləri əkilən sahəsinə də baxdı. Bildirilib ki, hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin əkilib-becərilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Baramaçılığın inkişaf etdirilməsi üçün intensiv tipli yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən tinglərin 40 mini bölgü əsasında Lənkəran rayonuna göndərilib. Həmin tinglərin 12 mini rayonun "Yaşıl Çay" fermer təsərrüfatına verilib. Qısa müddətdə təsərrüfatın işçiləri tut tinglərini aqrotexniki qaydada hazırlanan torpaqlara əkiblər. Bununla da təsərrüfatda yeni bir sahənin - baramaçılığın yem bazasının əsası qoyulub.

Sonra prezident İlham Əliyev fermer təsərrüfatının işçiləri ilə görüşüb.

İşçilər: Xoş gəlmisiniz, cənab prezident.

Prezident: Sağ olun. Necəsiniz?

İşçilər: Çox sağ olun, yaxşıyıq. Bayramınızı təbrik edirik, cənab prezident. Qədəmləriniz uğurlu olsun.

Prezident: Sağ olun. Mən də sizi təbrik edirəm, bayramınız mübarək.

İşçilər: Bizim üçün bu şəraiti yaratdığınıza görə sizə minnətdarlığımızı bildiririk.

Prezident: Sağ olun. Çox yaxşıdır ki, burada çayçılıq inkişaf edir. Lənkəran həmişə Azərbaycan çayçılığının mərkəzi olub. İndi də bu ənənəvi sahəni bərpa edirik. Çox şadam ki, bu sahə bərpa olunur. Sahələr artırılır və iş yerləri açılır, xüsusilə də qadınlar üçün. Çünki ənənəvi olaraq Azərbaycanda çayçılıqla qadınlar məşğul olurlar. Necədir işinizdən razısınız?

İşçilər: Bəli, cənab prezident, razıyıq.

Prezident: Yaxşı maaş verilir?

İşçilər: Bəli, yaxşıdır.

Prezident: Çox yaxşı.

Sonda xatirə şəkli çəkdirilib.

Leqal.info