Bu ilin yanvar-iyun aylarında Qax rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, altı ayda rayonda 1355,9 ton diri çəkidə ət, 7 min 413,5 ton süd, 4 milyon 216 min ədəd yumurta, 103,6 ton yun istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 25,8 ton, süd istehsalı 125 ton, yumurta istehsalı 12 min ədəd, yun istehsalı isə 1,9 ton artıb.

Bu barədə Leqal.info-nun bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 1346,4 tonu və ya 99,3 faizi, südün 7 min 261,3 tonu və ya 97,9 faizi, yumurtanın isə hamısı ailə-kəndli ev və fərdi sahibkarlıq təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə altı ayda 9,5 ton ət, 152,2 ton süd istehsal olunub.
Cari ilin birinci yarısında rayonda 3229 baş inək və camış süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 1516 baş buzov və balaq doğulub.