Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.

"Leqal.info"nun xəbərinə görə, bu barədə onun qohumu Sabir Əliyev məlumat verib.

Xalq artisti sabah II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, o, iki gün əvvəl insult keçirmişdi. Canəli Əkbərov səhhəti ötən il ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkirdi. Xanəndə oktyabrın 21-də komaya düşüb.

Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. O, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qaydalarını mənimsəyib, bununla da ifaçılıq qabiliyyətini təkmilləşdirib.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaradıb. Canəli Əkbərov bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub.

O, Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə edib. Xanəndə muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışıb.

Xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!