Vətən müharibəsi zamanı medianın necə bir gücə sahib olduğunu hər birimiz gördük. İgidlərimiz Vətənin azadlığı yolunda güllə-boranın altında olduğu, hər gün şəhid, yaralı xəbərini aldığımız dəqiqələrdə bir çox xarici qüvvələr dünya ictimaiyyətini çaşdırmağa, informasiyanı səhv yöndə təqdim etməyə çalışırdı. Əlbəttə bu məlumatlar yazılı mətbuat, onlayn media, televiziyalar vasitəsilə dünyanan çatdırılırdı. Elə həmin dönəmlərdə Azərbaycan mediası var gücü ilə çalışdı, Vətənin çətin günündə dünya ictimaiyyətinə dəqiq məlumat verməklə, Azərbaycanın haqq savaşı apardığını ortaya qoydu. Bu informasiya savaşının önündə isə Ali Baş Komandan cənab İlham Əliyev durdu. İstər təxribatçı, istərsə də ümumi mövzuları əks etdirən xarici media nümayəndələrinin suallarına məntiqlə, səbrlə və ən əsası dəqiqliklə cavab verərək həqiqəti bəyan etdi. Hətta xarici media nümayəndələrinin sualarını bir çox hallarda elə öz dillərinə cavablandırdı.
Bu baxımdan Azərbaycan mediasının ayaqda olması vacib amillərdəndir. Əsas məsələ odur ki, bu istiqamətdə siyasi iradə ortada var. Media azad olmalı, daim inkişaf etməli, inkişaf etmiş ölkələrin media orqanları ilə ayaqlaşmalıdır. Medianın İnkişafı Agentliyinin yaradılması bu istiqamətdə atılan addımlardandır. Bu qurum yarandığı gündən təcrübəli media mütəxəssislərini ətrafına cəm edərək, qarşılarına qoyduqları missiya uğrunda irəliləməkdədirlər. Çap və onlayn media subyektlərinə maliyyə yardımlarının ayrılması, fərdi jurnalist müsabiqələrini keçirilməsi bir yana, uzun illərdi ətrafında söz-söhbət gəzən yeni qanun layihəsinin hazırlanması da bu qurumun fəaliyyəti ilə bağlıdır. Söhbət yeni “Media haqqında” qanundan gedir. Əvvəl ictimaiyyətin, indi isə Milli Məclisin müzakirəsinə təqdim edilmiş, hətta birinci oxunuşdan keçmiş bu qanun lahihəsinə ümidlər çox böyükdür. Bu vaxta kimi olan bir çox boşluqların aradan qaldırılması və Azərbaycan mediasının daha da irəli aparılması yönündə atılan hər bir addım alqışlanmalıdır.
Ülvin Məhəmməd