Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə dövlət qeydiyyatına alınmış Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev arasında görüş keçirilib.

“Leqal.info”nun məlumatına görə, Ə.Vəliyev partiyanın qeydiyyatdan keçməsi münasibəti ilə ölkə başçısı adından R.Nurullayevi təbrik edib və partiyanın fəaliyyətində uğurlar arzulayıb.

R.Nurullayev Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib, Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) olan qeyri-sağlam mühiti və daxili qarşıdurmaları nəzərə alaraq, öz tərəfdaşları ilə AXCP-dən ayrılmaqla yeni partiya yaratması qərarı barədə məlumat verib.

Görüşdə ölkədə aparılan islahatlar, korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulması, yeni siyasi konfiqurasiyanın formalaşması və iqtidar-müxalifət siyasi dialoqunun uğurla həyata keçirilməsi vurğulanıb.

Həmçinin “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi, siyasi partiyaların maliyyə hesabatlılığı müzakirə olunub.

Bundan əlavə, koronavirus infeksiyasının qarşısının alınmasında dövlət tərəfindən görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirəsalınmadan həyata keçirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Daha sonra iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulmasının nəticəsi olaraq son 5 ayda Milli Cəbhə Partiyası da daxil olmaqla 6 siyasi partiyanın dövlət qeydiyyatına alınması və 10 siyasi partiyanın qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması faktı qeyd olunub.

Görüş zamanı iyulun 12-dən başlayaraq baş vermiş hərbi təxribat fonunda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların milli həmrəyliyi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında mövqeləri yüksək dəyərləndirilib. 43 siyasi partiya tərəfindən birgə, 4 siyasi partiya tərəfindən isə ayrılıqda bəyanat verilməklə Ali Baş Komandan ətrafında birləşdiklərinin ifadə edilməsi ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının nümunəsi olduğu vurğulanıb.

Bununla yanaşı, siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin televiziya, İnternet TV kanalları, müxtəlif KİV-lərdə fəal çıxışları müsbət hal kimi qiymətləndirilib, yeni siyasi konfiqurasiyanın təzahürü olduğu qeyd edilib.