Statistik iqtisadi göstəricilər Ermənistan iqtisadiyyatının ağır iqtisadi durumunun Azərbaycanla müharibəni uzun müddət davam etdirməyə imkan vermədiyini və iqtisadi vəziyyətinin uzunmüddətli gərginliklərə, resurs savaşına hazır olmadığını deməyə əsas verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Leqal.info-ya verilən məlumata əsasən, Ermənistanın iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmaya (13,7 faiz) məruz qalıb.

2020-ci ilin yanvar-avqust ayları ərzində büdcənin gəlirləri ötən illə müqayisədə 6 faiz azalıb. Cari ilin iyul ayının göstəricilərinə əsasən ticarət balansında 1 milyard ABŞ dolları həcmində kəsir mövcuddur.

Fiskal büdcə defisiti isə ÜDM-in 5 faizi civarındadır. Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə 10 faiz azalıb. Müharibə şəraitində isə xidmət və turizm sektorunun Ermənistanda çökəcəyi və bunun iqtisadi göstəriciləri kəskinləşdirəcəyi proqnozlaşdırılır.

Ermənistan Mərkəzi Bankının rəsmi məlumatına görə, ölkənin hazırda rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dollardır. Artıq cəmi dörd gün ərzində bu ölkənin aktivlərinin 50 faizi həcmində “əlavə xərc”i yaranıb.

Həmçinin, Ermənistanın 6 milyard 48 milyon ABŞ dolları həcmində xarici borcu mövcuddur. Ölkənin Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlarda ölkənin getdikcə borc bataqlığına düşəcəyi gözlənilir. Ermənistan hökumətinin rəsmi proqnozlarında isə 2025-ci ilədək ölkənin borc bataqlığından çıxa bilməyəcəyi və ən azı ÜDM-in 50 faizi həcmində dövlət borcunun olacağı da proqnozlaşdırılıb.

Ölkənin, cəlb etdiyi xarici kreditlərin ümumi həcmi isə 4 milyard 607 milyon ABŞ dolları təşkil edir. Hazırda Ermənistanın nəinki hərbi, həmçinin iqtisadi təhlükəsizliyi də özünün destruktiv və əsassız siyasəti nəticəsində təhlükə altına düşüb.