Leqal.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Baş verən hadisələr haqqında həmkarlarını məlumatlandıran Azərbaycan Prezidenti deyib: “Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”.
Prezident xatırladıb ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizini, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonunu işğal etdi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağ hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı.