Leqal.info xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Türkiyənin dövlət başçısı deyib:
"Bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumuzdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq.
Hörmətli mətbuat nümayəndələri, hörmətli qonaqlar qardaşım Əliyev ilə bir az əvvəl baş tutan görüşdə əlaqələrimizi bir daha ətraflı nəzərdən keçirmək fürsətimiz oldu. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını qarşıdakı aylarda Türkiyədə keçirəcəyik. Bildiyiniz kimi, 2021-ci il aprelin 1-dən etibarən iki ölkə arasında gediş-gəlişi şəxsiyyət vəsiqəsi ilə başlatmışıq. Bu addım qarşılıqlı əlaqələrimizi asanlaşdıraraq bizi bir-birimizə daha da yaxınlaşdıracaq".