"Leqal.info" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Bu yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşkanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təəssüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi. Bir daha göstərdi ki, iş birliyi və həmrəylik sözdə olmamalıdır. Mən çox da dərinə getmək istəmirəm, amma düşünürəm ki, türk xalqı bu günlərdə kimin-kim olduğunu yaxşı gördü. Yaxşı sözlər, açıqlamalar, bəzi ölkələrdən gələn dəstək ifadələri təəssüf ki, real həyatda özünü göstərmədi”.