"Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq".

"Leqal.info" xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda yer alıb.

"Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır. “Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.

Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik.", - dövlət başçısının məktubunda qeyd olunub.