Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 12-də Qazaxıstana səfərə yola düşəcək. Səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir.

"Leqal.info” QMİ-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Nursultan şəhərində 14-15 sentyabr tarixlərində keçiriləcək iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.

Qurultayın budəfəki mövzusu “Dünya və ənənəvi dini liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu”dur.

A.Paşazadə sentyabrın 13-ü Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin sədrliyi ilə keçiriləcək Qurultay Katibliyinin iclasına qatılacaq. Sentyabrın 14-də isə VII Qurultayda iştirak edəcək, plenar iclasda çıxış edəcək.

Qurultayın açılış mərasimində Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev iştirak edəcək. BMT Baş Katibi Antoniu Qutterişin videomüraciətlə Qurultay iştirakçılarına müraciəti nəzərdə tutulur.

Şeyxülislamın bu səfəri zamanı Qazaxıstanın ali rəhbərliyi və tədbir çərçivəsində dünyanın nüfuzlu dini liderləri, o cümlədən, Roma Papası Fransisk həzrətləri və Vatikan rəsmiləri, habelə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib ilə görüşləri nəzərdə tutulur.

Səfər 16 sentyabradək davam edəcək.