"Ölkəmiz əleyhinə qətnamənin qəbulu Fransanın beynəlxalq hüquqa hörmətsizliyini bir daha sübut edir".

Leqal.info-nun xəbərinəgörə, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransa parlamentinin aşağı palatası tərəfindən 2022-ci il noyabrın 30-da ölkə əleyhinə qərəzli olaraq qəbul edilib, özündə heç bir həqiqəti əks etdirməyən təxribat xarakterli qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə və sülhyaratma prosesinə ciddi zərər verməkdədir: "Hələ 15 gün əvvəl Fransa Senatında qəbul olunmuş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 09 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən sonra yenidən ölkəmiz əleyhinə qətnamənin qəbulu Fransa Parlamentinin beynəlxalq hüquqa hörmətsizliyini bir daha sübut edir. Hesab edirik ki, bir-birinin ardınca belə qərəzli qətnamələrin qəbulu nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mənfi təsir göstərir".

S.Əliyeva bildirib ki, bu qətnamə ilə Fransa Ermənistanın Azərbaycana qarşı etnik və dini nifrət zəmnində həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləyir, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərindən olan suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşı çıxır: "30 il müddətində başqa bir ölkənin ərazisini işğal etmiş Ermənistanı müdafiə etmək Fransa hökumətinin insan hüquq və azadlıqlarını heçə saydığının açıq təzahürüdür. Bir daha Fransa parlamentin aşağı palatasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsini qəti şəkildə pisləyir, onların bu hərəkətini təxribatçı addım kimi qiymətləndirirəm. Eyni zamanda Fransanı regionda milli ədavəti qızışdırmaq və aparılan bərpa-quruculuq proseslərinə mane olmaq istiqamətindəki fəaliyyətindən əl çəkməyə çağırıram".