“Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycan tərəfinin mövqeyini çatdırdım”.

Leqal.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın dövlət qurumları nümayəndələrinin Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarında monitorinq aparmasının qarşısı alınıb: "Bunu orada yaşayan əhali edib. Biz başa düşürük ki, bu, provokasiyadır. Monitorinq aparılması sahəsində iş əslində xeyli əvvəl başlamışdı. Son vaxtlar isə daha da intensivləşmişdi. Bu səylər nəticə vermədiyinə görə azərbaycanlı ekofəallar aksiyaya başladı. Bu, onların hüquqlarıdır və hüquqlarından istifadə edirlər".

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 16 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.