Leqal.info xəbər verir ki, Azərbaycanla Niderland Krallığının iqtisadi sahədə əməkdaşlığının inkişafı və bununla bağlı Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin reallaşmasında yaxından iştirakı görüşün əsas mövzusunu təşkil edib.
Ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa dövlətlərinin qazla təchizatında oynadığı müstəsna rolu vurğulayan Mark Rutte buna görə təşəkkürünü bildirdi.
Bir sıra regional məsələlərin müzakirə edildiyi söhbət əsnasında Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta dəhlizin artmaqda olan əhəmiyyəti qeyd edildi.
Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr haqqında məlumat verən İlham Əliyev Ermənistanın sözügedən yolun guya blokadada olması ilə bağlı yalan informasiyalar yaydığını və bunu etməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını vurğuladı.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizə məxsus təbii sərvətlərin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğu dövlət başçısı İlham Əliyev tərəfindən bildirildi.
Leyla Kamil
Leqal.info