Mediaya açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholmda bu gün keçirilməsi planlaşdırılan aksiyanı tənqid etdiyini qeyd edib.

Leqal.info xəbər verir ki, “İsveçin Ankaradakı səfirini ötən gün XİN-ə çağırdıq və lazımi xəbərdarlığı bildirdik. İsveç xarici işlər naziri ilə görüşən Stokholmdakı səfirimiz bu məsələ ilə bağlı düşüncələrimizi çatdırdı.
Bunu heç kəs fikir azadlığı, ifadə azadlığı adlandıra bilməz. Başqa bir dini kitabın yandırılmasına icazə verilmir, lakin “Qurani Kərim” və ya İslam düşmənliyi mövzu olanda ifadə azadlığı, fikir azadlığı deyirlər. İrqçilik və nifrət cinayəti fikir azadlığı ola bilməz” deyə Türkiyə XİN başçısı qeyd edib.
Çavuşoğlu, həmçinin bunun İsveç qanunlarına, Avropa şurasının Konvensiyasına, Avropa İnsan Haqları Məhkəməsinə görə də belə olmadığını qeyd edib:
“Lakin, çox təəssüf ki, bizim bütün xəbərdarlıqlarımıza baxmayaraq, buna icazə verildi. Bu gün Türkiyə vaxtı ilə saat 16:00-17:00 radələrində bu cür iyrənc bir aksiyanın keçiriləcəyini düşünürük. Həmin saata kimi İsveç rəsmilərinin lazımi tədbirlər görüb buna fürsət verməyəcəyini güman edirəm. Ona görə ki, bu, bütün dünyada qəzəb yaradacaq iyrənc, alçaq bir aksiya olar”.
Leyla Kamil
Leqal.info