Qərbi Azərbaycan İcmasının yeni binasını ziyarət edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı İdarə heyətinin sədri Əziz Ələkbərli və üzvlərlə görüş keçirib, İcmanın strukturu, nizamnaməsi və fəaliyyəti barədə məlumat əldə edib.

Leqal.info xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri Əziz Ələkbərli türkiyəli diplomata XX əsr ərzində 4 dəfə, 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə azərbaycan xalqının doğma yurd-yuvalarından, hal-hazırda Ermənistan adlanan coğrafi ərazidən çıxarılması, bəhsi keçən hadisələr zamanı xalqımıza qarşı törədilmiş qeyri-insani cinayətlər haqqında məlumat verib.
Görüş zamanı deportasiya olunmuş azərbaycanlıların Ümumdünya İnsan Haqları Bəyannaməsi və başqa beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyinin vacib olduğu qeyd edilib.
Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduğunu, bundan sonra da eyni şəkildə davam edəcəyini vurğulayan Türkiyə səfiri İcmanın inzibati binası ilə tanış olub.
Qeyd edək ki, sözügedən görüşdə İcmanın əsas orqanlarının başçıları- İdarə Heyətinin sədri Əziz Ələkbərli, sədr müavini Ramil Həsən, Müşahidə Şurasının sədri akademik Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və Gənclər Şurasının sədri Ramin Məmmədov iştirak ediblər.
Leyla Kamil
Leqal.info