Azərbaycan və Rusiya Baş prokurları arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Baş Prokurloğunun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, İqor Krasnov və Kamran Əliyev Sankt-Peterburqda işgüzar görüş keçirib. Görüşdə çıxış edən Rusiya Baş prokuroru qeyd edib ki, iki dövlətin iqtisadiyyatının yaxınlaşması, ticarət dövriyyəsinin artması və birgə biznes layihələri nəzərə alınmaqla, biznesin inzibati təzyiqlərdən müdafiəsi, investorların və sahibkarların hüquqlarına riayət olunmasının təmin edilməsi məsələləri diqqət mərkəzindədir.

İqor Krasnov ölkələr arasında elm və təhsil sahəsində əldə olunmuş razılaşmaların fəal şəkildə həyata keçirildiyini də bildirib

Bakıdakı rus qəbirlərinin dağıdılmasının araşdırılması istiqamətində Azərbaycan prokurorluğu tərəfindən aparılan işlərə görə Rusiyanın baş prokuroru tərəfindən minnətdarlıq sözləri ifadə olunub. “Nəticədə hadisəni törədən şəxs müəyyən edilərək məsuliyyətə cəlb olunub. Azərbaycanın dağıdılmış məzarları tez bir zamanda bərpa etməsi ölkənin humanizm, etnik və sosial bərabərlik prinsiplərinə qeyd-şərtsiz sədaqətindən xəbər verir və əlbəttə, biz bunu ölkəmizə hörmətin təzahürü kimi qiymətləndiririk”, - deyə Rusiya Baş prokuroru diqqətə çatdırıb.

Görüşün sonunda Rusiya və Azərbaycanın baş prokurorları 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı imzalayıblar. Sənəddə əhalinin sosial cəhətdən həssas kateqoriyalarının qorunması, rəqəmsal maliyyə aktivlərinin, habelə kriptovalyutaların xaricə qanunsuz ötürülməsinə qarşı mübarizə, prokurorluq orqanlarının fəaliyyətində müasir texnologiyaların tətbiqi, eləcə də hərbi prokurorların nəzarət fəaliyyəti əks olunub.

Elvin Mahmudlu
Leqal.info