Vişeqrad qrupu ölkələrinin Azərbaycanla əməkdaşlıq üçün ortaq nöqtəsi, maraqları var.

Leqal.info xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, Rusiyanın Ukraynada başladığı müharibə dünyanın bütün nöqtələrində müxtəlif böhranlara səbəb olub, bu, ərzaq böhranı, enerji böhranı və inflyasiyaya təsir edib.

Layçakın sözlərinə əsasən, enerji böhranı Avropada özünü göstərib: “Bu halda Avropa İttifaqı alternativ mənbələr, təchizatçılar axtarmağa başladı, ona görə də Azərbaycan bu sahədə mühüm rol oynayır. Çünki Azərbaycan vacib qaz təchizatçısı olan ölkədir və bu ölkə Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu göstərib. Azərbaycandan Avropaya ötürülən qazın həcmi kifayət deyil. Təbii qaz bizim istədiyimiz, tələbatımız olan həcmdə deyil, çünki bunun üçün uyğun infrastruktur yoxdur. Hazırda tərəfdaşlarla Azərbaycandan qazın həcminin necə artırıla biləcəyi barədə müzakirələr aparılır. Biz bu sahədə Azərbaycanla sıx strateji əməkdaşlıq edirik və təbii ki, əməkdaşlığımız yalnız enerji və qazla məhdudlaşmır. Cənubi Qafqaz regionu da, Vişeqrad ölkələri də qlobal böhranlardan təsirlənib”.

Səfir vurğulayıb ki, mövcud çağırışlar və çətinliklərin öhdəsindən gəlmək üçün əməkdaşlıq vacibdir.

Leyla Kamil
Leqal.info