Rusiyanın “Vagner” muzdlu qrupunun ləğv edilmiş üsyanı Kremlin Ukraynaya qarşı müharibəyə başlamaqla strateji səhv etdiyini nümayiş etdirdi.

Leqal.info “Reuters“ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq söyləyib.

“Həftə sonu baş verən hadisələr Rusiyanın daxili işidir, həm də bu, Prezident Putinin Krımı qeyri-qanuni şəkildə ilhaq etməklə və Ukraynaya qarşı müharibə ilə böyük strateji səhv etdiyinin nümayişidir”, - deyə Stoltenberq Litvanın paytaxtı Vilnüsdə deyib.

Baş katib Belarusdakı vəziyyətin monitorinq edildiyini deyib və Moskvanın oraya nüvə silahları yerləşdirməsini bir daha qınayıb:

“Biz Rusiyanın nüvə silahlarından istifadəyə hazırlaşmasına dair heç bir əlamət görmürük, bununla belə NATO sayıqdır”.

Stoltenberq Alyansın Ukraynaya dəstəyinin lazım olduğu qədər davam etdiriləcəyini bir daha diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info