Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Van İ ilə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Ali Nümayəndə Borrelin "Twitter" hesabında paylaşım edilib.

"Direktor Van İ ilə Aİ-Çin münasibətlərinin məsuliyyətlə idarə olunmasına dair konstruktiv və hərtərəfli müzakirəmiz oldu. Mən Aİ-nin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə son qoymasında Çinin rolu və humanitar yardımla əlaqədar gözləntilərini ifadə etdim.

Tayvan boğazında sabitliyin və status-kvonun saxlanmasını da müzakirə etdik.

Tezliklə Pekində Strateji Dialoqun keçirilməsini və ümumi qlobal çağırışlar üzrə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik", - Borrel diqqətə çatdırıb.

Qeyd edək ki, görüş Cakartada ASEAN ölkələrinin XİN başçılarının iclası çərçivəsində baş tutub.

Leyla Kamil
Leqal.info