Rusiya deyil, Avropa İttifaqı Ermənistana xəyanət edib.

Leqal.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqində söyləyib.

Onun sözlərinə əsasən, Brüssel atəşkəsi təşviq etmək və humanitar yardım göstərmək barədə düşünməyib:

“Rusiya Qarabağda atəşkəsin əldə edilməsinə, humanitar yardımın göstərilməsinə müvəffəq olub. Avropa İttifaqı isə bütün bunlara səssizcə, kənardan baxıb”.

Zaxarova Aİ-nin Ermənistan vətəndaşlarını qızışdırmaq və onlara Rusiya tərəfindən xəyanət etdikləri barədə yalan danışdığını deyib. Bildirib ki, Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmaları icra etməkdən İrəvanı məhz Avropa İttifaqı çəkindirib:

“Ermənilərə xəyanət edən də məhz Aİ olub”.

Rusiya XİN sözçüsü bildirib ki, Aİ-nin Ermənistandakı missiyası heç bir sabitlik və ya gərginliyin azalmasını təmin etmir:

“Əsas vəzifə Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək deyil, Brüsselin maraqlarına uyğun kəşfiyyatın monitorinqini aparmaq və vəziyyəti gərginləşdirməkdir. Onlar öncə Ermənistana nəsihətlər və vədlər verməklə məşğul olublar, sadəcə olaraq rəsmi İrəvanı özlərinin növbəti tələsinə salıblar, sonra isə vəziyyətin necə inkişaf etdiyinə səssiz şahidlik ediblər”, deyə Zaxarova vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info