“Biz bu gün eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesinə də toxunduq”.

Leqal.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa edib: “İndi isə Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində biz çalışmalıyıq. Və əgər biz buna nail olsaq - mən buna ümidliyəm - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. Və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu - bütün bunlar mümkündür. Sadəcə olaraq biz bundan məhrum idik. Ona görə ki, Azərbaycanın torpaqları uzun illər işğal altında idi. Və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addım atılsın. İndi məqam gəlib çatıb. Hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”.

Leqal.info