Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır.

Leqal.info xəbər verir ki, bu fikirlər Rusiya xarici işlər naziri Sergey Lavrovun ”BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alıb.

Lavrovun sözlərinə əsasən, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik yaymağa davam edir. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır.

Rusiya XİN rəhbəri qeyd edib ki, ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.

“Brüssel öz geosiyasi ambisiyalarını düşünərək, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaran “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırıyır”, - Lavrov vurğulayıb.

“İndiki dövrdə İrəvan və Bakı liderləri hər iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdiyi vaxtda, dinc həyatın bərqərar olmasının və qarşılıqlı etimadı möhkəmləndirməyin zamanı çatıb. Rusiya sülhməramlı kontingenti bu prosesə hər cür töhfə verməyə hazırdır”, - Lavrov diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info