Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB liderlərinin sammitində çıxışında bildirib.
Onun sözlərinə əsasən, gündəmdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh müqaviləsinin hazırlanması dayanır.
"Rusiya tərəfi, təbii ki, tərəfdaşlarımıza bu işdə hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, biz lazım gələrsə, istənilən formatda danışıqların Moskvada təşkilinə razıyıq”, - Putin qeyd edib.
Rusiya Prezidenti izah edib ki, burada söhbət, habelə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və ekspertləri arasında aparılan danışıqlardan gedir.
"Əlbəttə, biz bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik. Bir daha deyirəm: seçim həmişə müvafiq ölkənin ixtiyarındadır. Biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq", - deyə Rusiya Prezidenti bildirib.
Putin son üç ildə Rusiya tərəfinin Qarabağda münaqişənin gərginləşməsinin qarşısını almaq və hərbi əməliyyatları dayandırmaq üçün əhəmiyyətli səylər göstərdiyinə də diqqət çəkib.
“Bütün bu müddət ərzində üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan formatında iki paytaxt - Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş gərgin iş aparılıb. Həmçinin Rusiya sülhməramlıları mövcud səlahiyyətləri çərçivəsində öz missiyasını vicdanla yerinə yetiriblər", - Putin fikrini yekunlaşdırıb.
Elvin Mahmudlu
Leqal.info