Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Oktyabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Nazirlər ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəlikləri müzakirə ediblər.

2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli razılaşmalar toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, habelə sülh müqaviləsinin hazırlanması, nəqliyyat kommunikasiyaların açılması və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə səylərin artırılması zəruriliyi təsdiq edilib" - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

Azərbaycanın Xarici İşlər Nazirliyi də telefon danışığı ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

"28 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb".

Leqal.info