Litvanı Rusiyanın hücumundan qorumaq üçün bütün zəruri addımlar atılacaq.

Leqal.info xəbər verir ki, bunu Litvanın Dövlət Televiziyasına müsahibəsində Polşa Prezidenti Andjey Duda deyib.

O, həmçinin qeyd edib ki, belə olan halda NATO-nun sükut nümayiş etdirməsi onun iflası ilə nəticələnəcək:

“Bizim ölkəmizlə bərabər Litva da NATO-nun üzvlərindən biridir. Alyansın nizamnaməsinin 5-ci maddəsi göstərir ki, bir dövlətə hücum bütövlükdə NATO ölkələrinə qarşı yönəlmiş hesab olunur. Bu öhdəliyin pozulması NATO-nun parçalanması kimi böyük faciə ilə nəticələnəcək”.

Duda, həmçinin bildirib ki, hazırda 5-ci maddənin işə düşməsi üçün kifayət qədər səbəb yoxdur.

"Bu məsələ NATO-nun tərkibindəki dövlətlərin birgə məsləhətləşmələri nəticəsində həllini tapmalıdır. Ancaq hesab edirəm ki, ölkələrimiz arasında hərtərəfli birgə dəstəklə bağlı yekdil fikir mövcuddur. Hələlik vəziyyət genişmiqyaslı müharibə həddinə çatmayıb, ancaq bu təhlükə hər zaman mövcuddur” –Andjey Duda vurğulayıb.

Leyla Kamil
Leqal.info