Vyetnam Sosialist Respublikasının prezidenti Çan Day Kuanq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, Çan Day Kuanq 2017-ci ilin Vyetnam və Azərbaycan üçün mənalı il olduğunu bildirib: "Fəxr edirik ki, ötən 25 il ərzində tarixdə baş verən bir sıra hadisələrə və qeyri-sabitliyə baxmayaraq, ölkələrimizin ənənəvi dostluğu qorunub, yaxşılaşdırılıb və əhəmiyyətli dərəcədə möhkəmləndirilib. Ölkələrimiz birgə səylər nəticəsində səmərəli dostluq və faydalı əməkdaşlıq qurub və inkişaf etdirib. Bu münasibətlər hər iki ölkənin inkişafına müsbət töhfə verib və dünyada gedən dəyişikliklər kontekstində əməkdaşlığımız üçün güclü təməldir”.

Vyetnam prezidenti inandığını vurğulayıb ki, səmimi, ənənəvi dostluq ölkələrin və xalqların mənafeyi, tərəqqisi, regionda və dünyada sülhün möhkəmlənməsi işinə bundan sonra da töhfə verəcək.

Çan Day Kuanq prezident İlham Əliyevə və Azərbaycan xalqına daha firavan və gözəl həyat, ölkəyə yeni nailiyyətlər diləyib. O, Vyetnam-Azərbaycan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsini və inkişaf etməsini arzu edib.