Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxışında deyib.
İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir: “Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik. Vladimir Vladimiroviç bu gün bu barədə çox ətraflı danışdı.
Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır”.
Dövlətimizin başçısı qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:
"Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.