“Leqal.info” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Xaqani Səmədovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 12-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə dəstə üzvləri ötən ilin noyabr ayında Şəmkir rayonunun Bayramlı kəndində Mikayıl Həsənova məxsus fermanın gözətçisi Məhəmməd Kazımova soyuq silahla hədə-qorxu gələrək mal-qaranı oğurlayıblar.
Məlum olub ki, dəfələrlə məhkumluq həyatı yaşayan Gəncə şəhər sakinləri Rəşad Vəliyev, Roman Moskalyov və Bakı şəhər sakini Oleq Sinsin saxlanılıb.
Onlarla cinayətdə iştirak edərək tanışları vasitəsilə mal-qaranın satışını təşkil edən Tovuz rayon sakini Feyruz İbrahimov da saxlanılıb.
Araşdırmalarla həmin şəxslərin bundan əvvəl də Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən 60 baş, 80 baş, eləcə də Tovuz rayonunda 2 baş iribuynuzlu heyvanları oğurlayaraq Feyruz İbrahimova satdıqları məlum olub.
Həmçinin qrupun üzvü Rəşad Vəliyev Tovuz rayonunda bir mənzildən qızıl-zinət əşyları da oğurlayıb.
Dəstənin paytaxtda avtomobillərdən də oğurluq etdikləri məlum olub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.